Əlcəzairin rəsmi televiziya kanalına müsahibə verən İnformasiya naziri və hökumət sözçüsü Ammar Belhimer, Fransanın "Franse 24" kanalına Əlcəzairə qarşı düşmən mövqe sərgilədiyi üçün ölkədə qeydiyyatının ləğv edildiyini bildirib.
Hafta.az-ın yazdığına görə, nazir Belhimer qərarda "France 24" telekanalının məsləki əxlaq qaydalarına sayğı göstərmədiyi, mediada dezinformasiya və manipulyasiyaya yol verdiyi, eyni zamanda, Əlcəzairə qarşı ifrat düşmənçilik sərgilədiyinin qeyd edildiyini deyib.
Xatırladaq ki, Əlcəzairin İnformasiya Naziriliyi hələ mart ayında "France 24" kanalının, ölkədə keçirilən nümayişlərin xəbər kimi yayılmasına xüsusi səy göstərdiyini və bununla da açıq tərəfkeşlik etdiyini nəzərə alaraq adıçəkilən kanala son dəfə xəbərdarlıq etmişdi.
Nazir Belhimer son aylar səsləndirdiyi bir sıra açıqlamalarda, Fransa mediasının Əlcəzairə qarşı düşmən mövqe sərgilədiyini və ölkənin daxili işlərinə kobud müdaxilə etdiyini də bildirmişdi.